Prezident İlham Əliyev Bakıda Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündə iştirak edib (FOTO) (YENİLƏNİB-3)

Siyasət / 25.10.2019 11:11

Oktyabrın 25-də Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü işə başlayıb.

Prezidentin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, "Bandunq Prinsiplərini rəhbər tutmaqla müasir dünyanın çağırışlarına birgə və adekvat cavab verilməsini təmin etmək” mövzusunda keçirilən XVIII Zirvə Görüşündə 60-a yaxın ölkənin dövlət və hökumət başçıları, həmçinin beynəlxalq təşkilatların rəhbərləri iştirak edirlər. Ümumilikdə Zirvə Görüşünə 160-a yaxın ölkə və beynəlxalq təşkilatın nümayəndələri qatılıblar.

Azərbaycan Prezidenti İlham Əliyev Zirvə Görüşündə iştirak edən Belarus parlamenti Nümayəndələr Palatasının sədri Vladimir Andreyçenkonu, Oman Dövlət Şurasının sədri Yahya bin Məhfuz Əl-Munzirini, Koreya Xalq Demokratik Respublikası Ali Xalq Məclisinin Rəyasət Heyətinin sədri Çoe Ryonq Haeni, Liviyanın Baş Naziri Faiz Saracı, Nepalın Baş Naziri Khadqa Prasad Şarma Olini, Banqladeşin Baş Naziri xanım Şeyx Hasinanı, Malayziyanın Baş Naziri Mahathir Bin Mohamadı, Hindistanın vitse-prezidenti Muppavarapu Venkaiah Naidunu, Vyetnamın vitse-prezidenti xanım Danq Thi Nqok Thinhi, Ekvatorial Qvineyanın Prezidenti Obiang Nguema Mbasogonu, Sudanın Prezidenti Abdul-Fattah Al-Burhanı, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin serb əsilli Sədri Milorad Dodiki, Cibutinin Prezidenti İsmail Ömər Qellehi, Qananın Prezidenti Nana Akufo-Addonu, Əlcəzairin Prezidenti Abdelkader Bensalahı, Namibiyanın Prezidenti Haqe Qotfrid Qeynqobu, Venesuelanın Prezidenti Nikolas Maduronu, Esvatininin Kralı III Msvatini, Əfqanıstanın Prezidenti Məhəmməd Əşrəf Qanini, Kubanın Prezidenti Migel Diaz-Kaneli, Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədovu, İranın Prezidenti Həsən Ruhanini, Pakistanın Prezidenti Arif Alvini qarşıladı.

Dövlət və hökumət başçıları birgə foto çəkdirdilər.

Qoşulmama Hərəkatına sədrlik edən Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro Zirvə Görüşünü açaraq təşkilata üzv bəzi ölkələrin dünyasını dəyişən keçmiş dövlət və hökumət başçılarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsini təklif etdi.

Nikolas Maduro çıxışında Azərbaycan hökumətinə qonaqpərvərliyə görə təşəkkür etdi. Maduro Venesuelanın sədrliyi dövründə Qoşulmama Hərəkatının böyük inkişaf yolu keçdiyini, dünyada sülhün və təhlükəsizliyin güclənməsinə xidmət göstərdiyini dedi və növbəti üç il üçün sədrliyin Azərbaycana keçdiyini bəyan etdi.

Qoşulmama Hərəkatına sədrlik Azərbaycana təhvil verildi.

Qoşulmama Hərəkatının sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə Görüşündə nitq söylədi.

Prezident İlham Əliyev dedi:

- Hörmətli dövlət və hökumət başçıları.

Hörmətli qonaqlar, xanımlar və cənablar.

Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünün bütün iştirakçılarını səmimiyyətlə salamlayır və hər birinizə "Xoş gəlmisiniz!” deyirəm.

2016-2019-cu illərdə Qoşulmama Hərəkatına sədrlik etdiyinə görə Venesuela Bolivar Respublikasına təşəkkürümü bildirirəm.

Qoşulmama Hərəkatı bəşəri dəyərlərin təbliğinə xidmət edir və bütün ölkələrin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə sadiqliyini nümayiş etdirir. Qoşulmama Hərəkatı özündə 120 ölkəni birləşdirməklə BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisatdır.

Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatına üzv qəbul olunmuşdur. Qoşulmama Hərəkatında olduğu qısa müddət ərzində ölkəmiz beynəlxalq hüququn norma və prinsiplərini qətiyyətlə müdafiə etməkdə böyük nüfuz qazanmışdır.

Hərəkata üzv ölkələrin dövlət və hökumət başçılarının 2016-cı ildə keçirilmiş XVII Zirvə Görüşündə növbəti sammitin Bakı şəhərində keçirilməsi və 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul olunmuşdur. Bu, ölkəmizə göstərilən hörmətin, inamın və etimadın təzahürüdür. Bunu dünya ölkələrinin əksəriyyətini öz sıralarında birləşdirən Qoşulmama Hərəkatının bizim siyasətimizə verdiyi dəstək kimi qiymətləndirir və bu qərara görə bir daha sizlərə təşəkkürümü bildirirəm.

Azərbaycan Qoşulmama Hərəkatında sədrliyi zamanı öz prioritetlərini və fəaliyyətini tarixi Bandunq prinsipləri üzərində quracaq. Bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət, dövlətlərin daxili işlərinə qarışmamaq və qarşılıqlı maraqların qorunması və əməkdaşlığın təşviqi kimi prinsipləri ehtiva edən Bandunq prinsipləri Azərbaycanın xarici siyasətinin təməl prinsipləri ilə üst-üstə düşür.

Biz beynəlxalq hüququn norma və prinsiplərinə hamılıqla əməl olunması üçün səylərimizi artırmalıyıq. Bu baxımdan BMT-nin fəaliyyətində islahatlara böyük ehtiyac duyulur. Sərhədlərin güc yolu ilə dəyişdirilməsi, gücdən istifadə olunmaqla ölkələrin ərazi bütövlüyünün pozulması, daxili işlərə müdaxilə yolverilməzdir.

Azərbaycan Qoşulmama Hərəkatında sədrliyi zamanı digər təsisatlarla dialoqun qurulması və inkişaf etdirilməsi, əməkdaşlığın coğrafiyasının genişləndirilməsi üçün səylər göstərəcəkdir. Qoşulmama Hərəkatına üzv ölkələrin əksəriyyəti inkişaf etməkdə olan ölkələr olduğundan Hərəkat çərçivəsində iqtisadi sahədə əməkdaşlığın inkişaf etdirilməsi çox mühümdür. Bu mənada keçən ay Azərbaycanın "77-lər qrupu”na qoşulması sosial-iqtisadi sahədə beynəlxalq miqyasda səylərimizi daha da artırmağa imkan verir. Üzv dövlətlərin maraqlarının BMT çərçivəsində birgə səylərlə müdafiə olunması xüsusi əhəmiyyət kəsb edir.

Ən az inkişaf etmiş, dənizə çıxışı olmayan kiçik ada ölkələrinin üzləşdiyi təhdidlərə xüsusən diqqət yetirilməlidir. 2005-ci ildən etibarən Azərbaycan 90-dan çox ölkəyə humanitar və texniki yardımlar göstərmişdir. Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi müxtəlif ölkələrdə yoxsulluğun azaldılması, elm, mədəniyyət, səhiyyə, informasiya texnologiyalarının inkişafı, su resurslarından səmərəli istifadə olunması, qrant proqramları və digər sahələrdə layihələr həyata keçirir.

Azərbaycan 2018-ci ildən etibarən Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşlarına ölkəmizin ali məktəblərində təhsil almaq məqsədilə tam ödənişli təqaüdlər verir. Bu gün 31 üzv dövlətdən 37 gənc bu proqramdan faydalanır.

Azərbaycanda gənclər siyasəti prioritet sahə kimi müəyyən edilmişdir. Azərbaycan gəncləri milli ruhda, ənənəvi dəyərlərlə, Vətənə bağlı və vətənpərvər ruhda tərbiyə alırlar. Buna görədir ki, Qoşulmama Hərəkatı tarixində ilk dəfə olaraq Gənclər Sammitinin keçirilməsi təşəbbüsü ilə çıxış etmişik. Hazırkı Zirvə Görüşü ərəfəsində keçirilmiş Gənclər Sammitində 40 dövlətdən ölkəmizə gəlmiş gənclər iştirak etmişlər.

Xanımlar və cənablar, hörmətli qonaqlar.

Azərbaycanın dövlət müstəqilliyinin cəmi 28 yaşı var. Bir həftə öncə - oktyabrın 18-də müstəqilliyimizin bərpa olunması gününü qeyd etdik. Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağ və ətrafındakı yeddi rayon - ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin təxminən 20 faizi iyirmi beş ildən artıqdır ki, Ermənistanın işğalı altındadır. Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparmış və nəticədə bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. O vaxt Azərbaycanın əhalisi 8 milyon idi və qaçqınların, məcburi köçkünlərin əhalinin adambaşına düşən sayına görə ölkəmiz dünyada ilk yerləri tuturdu. Ermənistan azərbaycanlılara qarşı Xocalı soyqırımını törətmişdir. Xocalı soyqırımı nəticəsində 613 günahsız insan, o cümlədən 106 qadın və 63 uşaq yalnız azərbaycanlı olduqlarına görə vəhşicəsinə qətlə yetirilmişdir. Mindən çox insan itkin düşmüşdür.

Xocalı soyqırımı dünyanın 10-dan çox ölkəsi tərəfindən tanınmışdır. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş dörd qətnamədə Ermənistan qoşunlarının Azərbaycanın ərazisindən tam və qeyd-şərtsiz çıxarılması tələb olunmuşdur. Təəssüf ki, həmin qətnamələr həyata keçirilməmişdir. Bəzən Təhlükəsizlik Şurasının qətnamələri bir neçə günün içində icra edilir. Bəzən isə Azərbaycanın üzləşdiyi münaqişəyə münasibətdə olduğu kimi, 26 ildir ki, kağız üzərində qalır.

Bu ikili standartlar siyasətinə son qoyulmalıdır. İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Avropa Parlamenti, Avropa Şurasının Parlament Assambleyası, ATƏT və digər nüfuzlu təşkilatlar Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını tələb edən qətnamə və qərarlar qəbul etmişlər. Fürsətdən istifadə edərək Qoşulmama Hərəkatının indiyə qədər qəbul olunmuş sənədlərində münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə dəstək ifadə etdiklərinə görə üzv dövlətlərə təşəkkürümü bildirirəm.

Azərbaycanın işğal olunmuş ərazilərində bütün tarixi abidələr, məscidlər, məzarlıqlar Ermənistan tərəfindən dağıdılmış, muzeylər və maddi-mənəvi sərvətlərimiz talan edilmişdir. Ermənistan məqsədli surətdə işğal olunmuş ərazilərdə Azərbaycan izini itirməyə çalışaraq bütün toponimləri erməniləşdirir. Ermənistan, həmçinin işğal olunmuş ərazilərdə beynəlxalq humanitar hüquqa zidd olaraq qeyri-qanuni məskunlaşdırma siyasəti aparır və qanunsuz iqtisadi fəaliyyətlə məşğul olur.

2016-cı ilin aprel ayında Ermənistanın törətdiyi hərbi təxribat nəticəsində aralarında bir uşaq olmaqla altı azərbaycanlı mülki şəxs həlak olmuş, 26-sı yaralanmışdır, yüzlərlə ev dağıdılmışdır. Qarabağ əzəli Azərbaycan torpağıdır və münaqişə yalnız Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.

Azərbaycan müstəqil xarici siyasət yeridir. Bu siyasət milli maraqlara, ədalətə əsaslanır və bizə çoxlu dostlar qazandırmışdır. 2011-ci ildə Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsi buna bariz nümunədir. Təhlükəsizlik Şurasına üzvlük müddətində Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə, ədalətin təmin edilməsinə mühüm töhfələr vermiş və beynəlxalq siyasi proseslərin fəal iştirakçısına çevrilmişdir.

Azərbaycan BMT Təhlükəsizlik Şurasının mandatı əsasında təsis edilmiş beynəlxalq sülhməramlı əməliyyatlara da öz töhfəsini verir. Ölkəmiz Rusiya-NATO, Rusiya-ABŞ yüksək hərbi rəhbərliyinin mütəmadi olaraq keçirilən görüşlərinə ev sahibliyi edir. Dünyada 200-ə qədər ölkə vardır. Bu ölkələr arasında qeyd etdiyim görüşlər üçün Azərbaycanın seçilməsi bizim yürütdüyümüz müstəqil xarici siyasətə olan hörmətin göstəricisidir.

Hörmətli qonaqlar, müstəqilliyimizin ilk illəri Azərbaycan üçün çox keşməkeşli olmuşdur. Xəyanətkar, satqın, qorxaq, səriştəsiz Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti illərində ölkəmiz böyük bəlalara düçar olmuşdur. Azərbaycanda vətəndaş müharibəsi başlamışdır. Yalnız 1993-cü ildə Azərbaycan xalqının tələbi ilə Prezident Heydər Əliyevin hakimiyyətə gəlməsi ölkəmizi daha böyük faciələrdən xilas etdi. Azərbaycan demokratik, dayanıqlı inkişaf yoluna qədəm qoydu, ölkədə sabitlik və əmin-amanlıq bərqərar oldu.

Azərbaycan demokratiya, insan hüquqları və azadlıqları kimi dəyərlərə sadiqdir. Bunun dərin tarixi kökləri vardır. Biz fəxr edirik ki, bir əsr bundan əvvəl Şərqdə müsəlman dünyasında ilk dəfə olaraq Azərbaycanda demokratik respublika qurulmuş, qadınlara səsvermə hüququq verilmişdir. Bu sahədə biz hətta əksər Qərb ölkələrini də qabaqlamışıq. Demokratik inkişaf Azərbaycanın şüurlu seçimidir. Azərbaycanda bütün fundamental insan hüquq və azadlıqları, qanunun aliliyi, mətbuat azadlığı təmin olunur.

Son 15 il ərzində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etmiş, ümumi daxili məhsul üç dəfədən çox artmışdır. Azərbaycana 270 milyard dollardan artıq sərmayə qoyulmuşdur ki, bunun da yarısı xarici sərmayədir. Azərbaycanın xarici borcu ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir. Bu göstəriciyə görə biz dünyada 9-cu yerdəyik. Azərbaycanda yoxsulluq 5 faiz səviyyəsindədir. Təkcə bu il minimum əmək haqqı və sosial müavinətlər iki dəfə, minimum pensiya 70 faiz artmışdır. 280 mindən çox insanı əhatə edən 68 min ailə ünvanlı sosial yardımdan faydalanır və hər bir ailə təxminən 140 ABŞ dolları ekvivalentində aylıq sosial yardım alır. Son 15 il ərzində Azərbaycanda 3200-dən çox məktəb və 640-dan çox xəstəxana və tibb müəssisəsi tikilmiş və ya təmir edilmişdir. Azərbaycanda savadlılıq səviyyəsi 100 faizə yaxındır. Üç yüz mindən çox məcburi köçkün pulsuz evlər və mənzillərlə təmin edilmişdir. Məcburi köçkün ailələrinə orta hesabla 180 ABŞ dolları ekvivalentində aylıq müavinət verilir.

Azərbaycanın əldə etdiyi nailiyyətlər beynəlxalq aləmdə təqdir olunur. Dünya Bankının 2020-ci il üzrə "Doing Business” hesabatında Azərbaycan ən islahatçı 20 ölkə sırasında yer alıb. Davos Ümumdünya İqtisadi Forumunun hesabatında hökumətin uzunmüddətli strategiyasına görə Azərbaycan dünya miqyasında 10-cu, rəhbərliyin islahatlara meyillilik səviyyəsində isə 5-ci yerdədir.

Azərbaycan kosmik ölkədir. Hazırda ikisi telekommunikasiya, biri isə Yer səthini müşahidə edən üç peykimiz var. Əhalimizin 80 faizi internet istifadəçisidir.

Azərbaycanda enerji təhlükəsizliyi təmin edilmişdir. Yenə də Davos Ümumdünya İqtisadi Forumunun hesabatına istinad edərək deməliyəm ki, elektrik enerjisinin əlçatanlıq əmsalına görə Azərbaycan dünyada ikinci yerdədir. Azərbaycan, eyni zamanda, bir sıra ölkələrin enerji təchizatçısıdır. Asiya və Avropa qitələri arasında körpü rolu oynayan Azərbaycan açıq dənizə çıxışı olmayan ölkə kimi bir sıra regional nəqliyyat layihələrinin təşəbbüskarı və icraçısıdır. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri layihələrinin fəal iştirakçısı olaraq hazırda digər mühüm layihələr - Cənub-Qərb və Şimal-Qərb layihələri üzərində çalışırıq. Beləliklə, Azərbaycan etibarlı tranzit ölkəsi kimi çoxtərəfli beynəlxalq əməkdaşlığa öz dəyərli töhfəsini verir.

İqlim dəyişikliyi qlobal təhlükədir. Azərbaycan onun fəsadlarına qarşı mübarizə üzrə beynəlxalq səyləri dəstəkləyir. Azərbaycan Paris Sazişini ratifikasiya etmiş, baza ili – 1990-cı illə müqayisədə 2030-cu ilə istilik effekti yaradan qazların emissiyalarının səviyyəsində 35 faiz azalmanı hədəf kimi götürmüşdür. Elektrik enerjisinin istehsalı üçün Azərbaycanda ancaq ekoloji təmiz qaz və su elektrik stansiyalarından istifadə olunur.

Azərbaycan zəngin tolerantlıq, multikulturalizm ənənələrinə malikdir. Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir. On bir il əvvəl İslam Əməkdaşlıq Təşkilatına və Avropa Şurasına üzv ölkələrin iştirakı ilə başladığımız "Bakı Prosesi” təşəbbüsü BMT tərəfindən də dəstəklənir. BMT-nin baş katibi Antonio Quterreş "Bakı Prosesi”ni 2008-ci ildən bəri mədəniyyətlər arasında dialoqun təbliğinin ön cəbhəsi kimi dəyərləndirmişdir. "Bakı Prosesi”nin məntiqi davamı olaraq təsis edilmiş və iki ildən bir ölkəmizdə keçirilən mədəniyyətlərarası dialoq üzrə Ümumdünya Forumu artıq BMT Baş Assambleyasının qətnamələri ilə mədəniyyətlərarası dialoqun təşviq olunması üçün əsas qlobal platforma kimi tanınmışdır.

Hörmətli qonaqlar, əminəm ki, Zirvə Görüşü çərçivəsində aparılacaq müzakirələr Qoşulmama Hərəkatının gündəliyində duran hədəflərin həyata keçirilməsinə xidmət göstərəcəkdir. Azərbaycan Hərəkata sədrlik edəcəyi müddətdə öz prioritetlərini üzv dövlətlərlə birgə həyata keçirmək üçün ardıcıl səylər göstərəcəkdir.

Mən Zirvə Görüşünün işinə uğurlar arzulayır və bir daha hamınıza "Xoş gəlmisiniz!” deyirəm. Diqqətinizə görə təşəkkür edirəm.

Sonra Zirvə Görüşü Prezident İlham Əliyevin sədrliyi ilə davam etdi.

Zirvə Görüşünün gündəliyi qəbul edildi, Büro üzvləri seçildi, xüsusi qonaq olan dövlətlərin və təşkilatların siyahısı təsdiqləndi.

Daha sonra BMT Baş Assambleyasının prezidenti Ticani Məhəmməd-Bande çıxış etdi.

BMT Baş katibinin siyasi və sülh quruculuğu məsələləri üzrə müavini xanım Rozmari DiKarlo Baş katib Antonio Quterreşin müraciətini oxudu.

Zirvə Görüşü "77-lər qrupu” təşkilatının sədri Riyad Mənsurun və Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun çıxışları ilə davam etdi.

Çıxışlarda Qoşulmama Hərəkatının qarşısında mühüm vəzifələrin durduğu bildirildi, dünyada sülhün və təhlükəsizliyin təmin olunmasının vacibliyi vurğulandı.

Çıxışlardan sonra Prezident İlham Əliyev Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının sessiyasını bağlı elan etdi.

Zirvə Görüşü fasilədən sonra işini ümumi debatlarla davam etdirəcək.

Qeyd edək ki, Qoşulmama Hərəkatının yaradılmasının və fəaliyyətinin əsas prinsiplərindən biri onun üzvləri arasında əməkdaşlıq üçün bir forum rolunu oynamasıdır. Tamhüquqlu 120 üzvü olan Qoşulmama Hərəkatı özündə 17 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı birləşdirir. 1961-ci ildə yaradılmış təşkilata üzv olan hər bir dövlət onun prinsiplərinə bağlılığını bildirməlidir. Hərəkata üzvlük prinsipləri hələ təşkilatın təsis olunmasından əvvəl, 1955-ci ildə İndoneziyanın Bandunq şəhərində keçirilən konfrans zamanı qəbul edilib.

Azərbaycan Respublikası 2011-ci il mayın 26-da Qoşulmama Hərəkatına üzv ölkələrin yekdil dəstəyini əldə edərək təşkilata tamhüquqlu üzv qəbul olunub. Azərbaycan Hərəkatın müxtəlif səviyyəli iclas və konfranslarında iştirak etmək və üzv ölkələrlə ikitərəfli münasibətlərini sıxlaşdırmaqla onun məqsəd və prinsiplərinə öz töhfəsini verir. Hərəkata üzv olduğumuz qısa müddət ərzində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə beynəlxalq ictimaiyyətin geniş dairələrində məlumatlılıq daha da artıb, təşkilatın daxili prosedur və sənədlərində Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həllinə davamlı olaraq dəstək əks olunub. Hərəkata üzvlük, həmçinin beynəlxalq sülh, təhlükəsizlik və əməkdaşlığa dair proseslərə ölkəmizin daha yaxından cəlb olunması və çoxsaylı dövlətlərlə ikitərəfli münasibətlərin inkişaf etdirilməsinə münasib şərait yaradıb.

Bakı Zirvə Görüşündə 4 yekun sənədin qəbulu gözlənilir.

Beləliklə, Azərbaycan Respublikası 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik edəcək.



SON XƏBƏRLƏR

2019-11-13

18:00 Nazir “uşaq pulu” təklifinə münasibət bildirib

17:46 Vilayət Eyvazov Fransa səfirini qəbul edib

17:08 Nazir: Azərbaycanda minimum pensiyanın artırılması üçün işlər görüləcək

17:00 Azərbaycan Prezidenti: Mənim göstərişimlə ölkədaxili dəmir yollarının tikintisi və modernləşdirilməsi istiqamətində addımlar atılır

16:59 Yevlaxın su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına 5 milyon manat ayrılıb

16:43 Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədrini qəbul edib

16:14 Azərbaycanlı bloqerin evliliyi dörd ay çəkdi

16:13 Prezident İlham Əliyev: Bu gün Azərbaycan etibarlı tranzit ölkə kimi öz xidmətlərini göstərir

16:02 Hacı Zeynalabdin Tağıyevin Mərdəkandakı evi təmir edilir

16:00 “Rəmiş mənim üçün həmin o meymun obrazıdır, yəni ipə-sapa yatmayan adamdı...”

15:55 Vyana Mədəniyyət Mərkəzində ölkəmizin turizm potensialı təqdim olunub (FOTO)

15:28 Gövhər Baxşəliyeva: 2020-ci ildə elm xərcləri bütövlükdə 193,7 milyon manat təşkil edəcək

14:47 2020-ci ilin dövlət büdcəsi birinci oxunuşda qəbul edildi

14:31 QHT “Aprel Şəhidlərini tanıdaq" adlı layihəsinin son tədbirini keçirib

12:36 Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri ABŞ-a səfərə gedib - VİDEO

12:31 Fuad Muradov Avstriyada yaşayan azərbaycanlılarla görüşüb - FOTO

12:24 Yevlaxda aztəminatlı ailələr üçün meyvə bağları salınıb (FOTO)

12:10 Şamaxıda zəlzələnin ziyan vurduğu 500 ev təmir olunub

12:08 Eldar Əzizov Sabunçuda sakinlərlə görüşüb

11:58 Diplomların tanınması ilə bağlı sənəd qəbulu dayandırıldı

11:53 Cəlil Məmmədquluzadə nəslinin davamçıları Azərbaycana gəlir

11:52 Azərbaycanlı hakimə UEFA-dan təyinat

11:33 Vitse-prezident AMEA-da islahatlar barədə: Artıq qurumların ləğvi və ixtisarlar gözlənilir

10:55 Azərbaycan UNESKO-nun Baş Konfransının 40-cı sessiyasının vitse-prezidenti seçilib

10:44 MİDA: 570 güzəştli mənzildən 284-nün rəsmiləşdirilməsi başa çatıb

10:36 13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür

10:08 Prezident Administrasiyası: Azərbaycanın multikulturalizm ideyası onun xarici siyasətinin səmərəliliyini artırır

09:54 Radikal müxalifətin məqsədi mənşəyi dəqiq bəlli olmayan anti-Azərbaycan qüvvələrdən aldığı qrantların miqdarını artırmaqdır - Deputat

09:47 Bakıda “Muzeylər, tekstil kolleksiyaları və qarşılıqlı əməkdaşlıq perspektivləri” mövzusunda konfrans təşkil ediləcək

09:37 Prezident Administrasiyası: Dinin siyasiləşdirilməsi regionu deyil, bütün bəşəriyyəti narahat edən qlobal məsələdir

2019-11-12

16:48 Siyavuş Novruzov: Qanunsuz aksiya keçirməyə cəhdin məqsədi ölkədə ictimai-siyasi sabitliyi pozmaq, xarici dairələrin tapşırıqlarını yerinə yetirməkdir

16:19 “Antimilli qorxaq dəstə işimizə zərrə qədər ziyan vura bilməz” - Prezident

16:14 Yeni təyin olunan icra başçıları Prezidentin qəbulunda

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

11:52 Azərbaycanlı hakimə UEFA-dan təyinat

Product image

16:07 Azərbaycan Dünya Şahmat Olimpiadasının qalibi oldu

Maraqlı Product image

11:47 İnsanlığın məhvinə səbəb olacaq 10 fəlakət ssenarisi

Product image

11:25 Paytaxtda yenidoğulanlara ən çox qoyulan oğlan və qız adları