Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər (FOTO) (YENİLƏNİB)

Siyasət / 11.03.2020 13:19

Martın 11-də sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov mətbuata bəyanatlarla çıxış ediblər.

Əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış etdi.

Prezident İlham Əliyevin bəyanatı

-Hörmətli Qurbanqulu Məlikquliyeviç.

Hörmətli qonaqlar, xanımlar və cənablar.

Hörmətli Qurbanqulu Məlikquliyeviç, Sizi Azərbaycanda bir daha ürəkdən salamlayıram.

Sizin səfərinizə çox şadıq və əminik ki, bu səfər ölkələrimiz və xalqlarımız arasında dostluq, qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edəcək. Xalqlarımız əsrlərboyu mehriban şəraitdə yaşayır, işləyir, bir-birini dəstəkləyir, bir-birinə kömək edirlər. Ölkələrimizin müstəqil dövlətlər kimi təşəkkülünün bütün mərhələlərində biz həmişə bir-birimizi dəstəkləmişik. Bu gün həmin dəstək həm ikitərəfli, həm də çoxtərəfli formatda, beynəlxalq qurumlar çərçivəsində əməkdaşlıqda hiss olunur. Fürsətdən istifadə edib Sizi və bütün qardaş türkmən xalqını Türkmənistanın bitərəfliyinin beynəlxalq aləmdə tanınmasının 25 illiyi münasibətilə təbrik etmək istərdim. Türkmənistan bu illər ərzində böyük və şərəfli inkişaf, quruculuq yolu keçib. Bu yol türkmən xalqı qarşısında böyük perspektivlər açıb və Türkmənistana dünyada böyük hörmət qazandırıb. Türkmənistanın bitərəf ölkə kimi bütün dünya birliyi tərəfindən tanınması və Sizin yürütdüyünüz fəaliyyət xətti türkmən xalqının, habelə Sizin dostlarınızın və tərəfdaşlarınızın ümidlərinə və mənafelərinə tamamilə uyğundur. Biz, qonşularınız və mehriban dostlarınız kimi Sizin uğurlarınıza həmişə sevinirik. Dəfələrlə Türkmənistanda olarkən həmişə ölkənizin çox sürətli, dinamik inkişafını görürəm. Bilirəm ki, dövlətinizin inkişafının bütün mərhələlərinə, o cümlədən şəhərsalma ilə bağlı məsələlərə Siz özünüz ciddi nəzarət edirsiniz. Keçən dəfə mən çox müasir idman qurğuları ilə də tanış olmaq imkanı əldə etdim. "Asiada”nın uğurla keçirilməsi münasibətilə Sizi təbrik etmək istərdim. Belə genişmiqyaslı idman yarışlarının keçirilməsi həm müasir infrastruktur, həm də təşkilatçıların peşəkarlığını, ustalığını tələb edir. Buna görə Sizi bu böyük beynəlxalq uğur münasibətilə bir daha səmimi qəlbdən təbrik etmək istərdim.

Aşqabadın müasirləşməsini və inkişafını Sizin gözəl ölkəyə səfər edən hər kəs görür. Bu gün qardaş Türkmənistanın gücü və müasirliyi bunda da əks olunur.

Bizim ikitərəfli münasibətlərə gəldikdə, bu gün biz qarşılıqlı fəaliyyətimizin geniş gündəliyini bir daha nəzərdən keçirdik. Əməkdaşlığımızın strateji inkişafına sadiq qaldığımızı təsdiq etdik və bu gün imzalanmış sənədlər onsuz da çox geniş olan müqavilə-hüquq bazasını tamamlayır. Mənim Türkmənistana rəsmi səfərim zamanı 20-dən çox, bu gün isə 20-yə yaxın sənəd imzalanıb. Bu, ölkələrimiz arasında imzalanmış bütün sənədlərin təxminən yarısı deməkdir. Bu, onu göstərir ki, son ilyarım ərzində biz müqavilə-hüquq bazasının möhkəmlənməsi baxımından çox böyük yol keçmişik.

İmzalanmış sənədlər arasında dövlət başçılarının Birgə Bəyanatını xüsusi qeyd etmək istərdim. Bu sənəddə bizim niyyətlərimiz, dünyada, regionda vəziyyətə verdiyimiz qiymət və gələcəyə istiqamətlənməyimiz öz əksini tapıb. Mən, həmçinin hesab edirəm ki, Birgə Bəyanatın mühüm bəndlərindən biri ölkələrimizin ərazi bütövlüyünün, sərhədlərinin və suverenliyinin toxunulmazlığının bir daha dəstəklənməsi, eləcə də münaqişələrin beynəlxalq hüququn prinsipləri və ərazi bütövlüyü, sərhədlərin və suverenliyin toxunulmazlığı prinsipləri əsasında həllidir.

Şadam ki, iqtisadi-ticari sahədə işlər yaxşı gedir, əmtəə dövriyyəsinin artımında yaxşı dinamika müşahidə olunur. Bu gün biz nəqliyyat-logistika sahəsi haqqında ətraflı söhbət etdik, müvafiq dövlət strukturlarına bu istiqamətdə işin intensivləşdirilməsinə, ölkələrimizin tranzit-nəqliyyat potensialının möhkəmləndirilməsinə dair səylərin əlaqələndirilməsi barədə tapşırıqlar verdik. Həm Türkmənistanda, həm də Azərbaycanda nəqliyyat infrastrukturuna çox böyük diqqət yetirildiyini nəzərə alaraq, biz bu infrastrukturun modernləşdirilməsi yolunda praktiki olaraq paralel addımlayırıq. Bu gün bizim əsas limanlarımız əlaqələndirilmiş, uzlaşdırılmış şəkildə işləyir və ərazilərimizdən keçən yükləri artırmağa imkan verir. Biz digər ölkələrə də öz tranzit potensialımızı təqdim edirik. Hesab edirəm ki, bu gün biz həmin potensialın möhkəmləndirilməsi barədə mühüm qərar qəbul etmişik. İnfrastruktur imkanlarının təmin edilməsi və yük axınının artırılmasına şərait yaradılması üçün əlavə tədbirlər görüləcək. Təbii ki, qonşularımızla sıx qarşılıqlı əlaqədə və xoş münasibətlərdə olduğumuza görə həmin dövlətlərdən daha çox yükgöndərənləri cəlb edəcəyik və mahiyyət etibarilə uzunluğu min kilometrlərlə ölçülən yeni nəqliyyat dəhlizi yaradacağıq. Beləliklə, ölkələrimizin daha da inkişaf etməsi üçün əlverişli şərait yaradacaq, regional əməkdaşlığı möhkəmləndirəcəyik.

Əlbəttə, biz enerji sektoru ilə bağlı məsələlər barədə də danışdıq. Burada da yaxşı nəticələr var, çoxdan əməkdaşlıq edirik. Biz bu istiqamətdə gələcək addımlar barədə də danışdıq. Xalqlarımızın etnik yaxınlığı, dillərimizin yaxınlığı, ortaq mədəniyyətimiz nəzərə alınmaqla, ölkələrimiz üçün humanitar əməkdaşlığın vacibliyini qeyd etdik.

Beləliklə, bugünkü görüşümüzün gündəliyi yetərincə məhsuldar olub. Ümumiyyətlə, biz çox fəal dialoq aparırıq. Keçən il prezidentlər həm Bakıda, həm də Aşqabadda görüşüblər. İnişil, qeyd etdiyim kimi, mənim rəsmi səfərim çox uğurlu olub. Mən qonaqpərvərliyə görə qardaş türkmən xalqına və Türkmənistan Prezidentinə bir daha təşəkkürümü bildirmək istəyirəm. Əminəm ki, Türkmənistan Prezidentinin budəfəki rəsmi səfəri əlaqələrimizin möhkəmlənməsi işində daha bir mühüm addım olacaq.

Türkmənistandakı qardaşlarımıza gələcəkdə də inkişaf, uğur, sülh və firavanlıq arzu etmək istəyirəm. Diqqətinizə görə təşəkkür edirəm.

Sonra Türkmənistan Prezidenti bəyanatla çıxış etdi.

Prezident Qurbanqulu Berdiməhəmmədovun
bəyanatı

-Hörmətli İlham Heydər oğlu.

Hörmətli media nümayəndələri, xanımlar və cənablar.

Mən, ilk növbədə, Azərbaycan Respublikasının Prezidentinə bizim mehriban qonşumuz olan ölkəyə rəsmi səfərə dəvət etdiyinə, Sizin qonaqpərvərliyinizə və səmimiyyətinizə görə nümayəndə heyətimiz adından dərin minnətdarlığımızı bildirmək istərdim. Həqiqətən görüşlər və danışıqlar üçün çox rahat şərait yaradılıb. Adətimiz üzrə biz dövlətlərarası dialoqun davam etdirilməsi kontekstində çox məsələləri nəzərdən keçirdik, yəni, bizim indiki vəziyyətimizi və perspektivləri müəyyən etdik. Biz müasir mərhələdə siyasi, iqtisadi, mədəni-humanitar sahələrə aid məsələləri də nəzərdən keçirdik. Siyasət məsələlərinə gəldikdə, vurğulamaq istərdim ki, Azərbaycan regionda Türkmənistan üçün strateji tərəfdaşdır. Bunu bir daha vurğulayıram. Yəni, bizim mövqelərimiz çox cəhətdən oxşardır. Biz bütün dünyada və regionda, - mən Mərkəzi Asiya, Cənubi Qafqaz və Xəzər regionunu nəzərdə tuturam, - sabitliyin və təhlükəsizliyin tərəfdarıyıq. Qeyd edildiyi kimi, biz bütün bu tədbirləri məhz beynəlxalq strukturların – Birləşmiş Millətlər Təşkilatının, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının, İslam Əməkdaşlıq Təşkilatının, İqtisadi Əməkdaşlıq Təşkilatının himayəsi altında, Müstəqil Dövlətlər Birliyinin və digər beynəlxalq qurumların xətti ilə həyata keçiririk. Buna görə də Azərbaycana təşəkkür edirik ki, o, beynəlxalq arenada Türkmənistanın bütün mövqelərini dəstəkləyir.

Bu gün biz iqtisadiyyatımıza aid məsələləri də nəzərdən keçirdik. Energetika sahəsi üzərində prioritet məsələ kimi dayandıq. Həm Türkmənistan, həm də Azərbaycan karbohidrogen ehtiyatları ilə zəngin, özünü təmin edən dövlətlərdir. Energetika məsələlərinə gəldikdə, biz bu ehtiyatların şaxələndirilməsinin tərəfdarıyıq. Biz belə bir ideya irəli sürürük ki, bu şaxələndirmə istehsalçı, daşıyıcı və son istehlakçı arasında paritet əsasda qurulmalıdır. Buna görə də biz bu gün razılaşdıq ki, bundan sonra da qaz, neft-kimya və başqa sahələr üzrə birgə işləyəcəyik. Həmçinin tekstil sənayesi, aqrosənaye kompleksi, habelə nəqliyyat-tranzit dəhlizinin inkişafı məsələlərinə diqqəti cəlb etdik. Bu mövzuya keçməzdən əvvəl xatırlatmaq istərdim ki, bizi həm də Xəzər dənizi birləşdirir. Xəzəryanı ölkələrin hamısı bildirir ki, bu, sülh və mehriban qonşuluq dənizidir. Buna görə də, bildiyiniz kimi, Xəzər dənizinin statusu barədə beynəlxalq Konvensiya qəbul edilib və orada müəyyən olunub ki, gələcəkdə bütün mexanizmlər bizim xarici siyasət idarələri tərəfindən işlənib hazırlanmalıdır. Bunu əsas götürərək biz bütün Xəzəryanı ölkələrə təşəkkür edirik. Birinci Xəzər İqtisadi Forumunun keçirilməsinin Türkmənistana etibar edilməsinə görə də təşəkkür edirik. Həmin forumda Azərbaycan çox fəal iştirak edib.

Tranzit-nəqliyyat dəhlizinin inkişafına gəldikdə, İlham Heydər oğlunun xatırlatdığı kimi, burada düzgün logistika mühüm rol oynayır. Biz "Lyapis Lazuli” adlanan layihə barədə saziş qəbul etdik. Bu dəhliz Əfqanıstandan başlanır, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən keçərək Avropaya çıxır. Yəni, burada biz Asiya ilə Avropanın birləşdirilməsində mühüm rol oynayırıq. Türkmənistan ilə Azərbaycan arasında əmtəə dövriyyəsi, prinsip etibarilə yüksələn xətt üzrə artır. Bu göstərici 40 faizdən çox artıb və burada iqtisadi əməkdaşlıq üzrə bizim hökumətlərarası komissiya əlaqələndirici rol oynayır.

Bu gün biz özəl sektora aid məsələlərə də toxunduq. Yəni, kiçik və orta sahibkarlıqdan başlayaraq biznes elitasına aid məsələləri müzakirə etdik və bu nəticəyə gəldik ki, biz həmin sahibkarlar arasında işgüzar şura yaradacağıq. Bakıda Türkmənistan ticarət evinin və Aşqabadda Azərbaycan ticarət evinin təsis edilməsi barədə də razılaşdıq. Bu, əlbəttə, əmtəə dövriyyəsinin artırılması üçün bizə daha yaxşı imkanlar yaradacaq. Türkmənistanın və Azərbaycanın hələ istifadə edilməmiş potensialı var.

Əlbəttə, biz mədəni-humanitar sahəyə də toxunduq. Bu sahədə elm, təhsil, idman və turizm məsələləri prioritetdir. Lakin ən başlıcası, biz vurğuladıq ki, artıq qeyd edildiyi kimi, bizim köklərimiz ortaq, dilimiz birdir, bizim milli xüsusiyyətlərimiz var. Buna görə də biz milli sərvətimiz, yəni Türkmənistan və Azərbaycan xalçaları kimi incilərimizə böyük əhəmiyyət veririk. Buna görə biz Türkmənistan və Azərbaycan xalçalarına həsr edilmiş sərgilər, konfranslar keçirilməsi barədə razılığa gəldik. Gördüyünüz kimi, prinsip etibarilə bu gün bizim görüşlərimiz və danışıqlarımız həqiqətən çox yaxşı, yəni konstruktiv olub, qarşılıqlı hörmət və qarşılıqlı etimad fonunda keçib.

Mən həm də fürsətdən istifadə edib, İlham Heydər oğlunu ən demokratik şəkildə keçirilmiş parlament seçkiləri münasibətilə təbrik edirəm. Burada əsası dünyamiqyaslı böyük siyasi xadim Heydər Əliyev tərəfindən qoyulmuş təməl mühüm rol oynayır. Bu münasibətlə Sizi təbrik edirəm.

İlham Heydər oğlu, Sizə ali dövləti fəaliyyətinizdə böyük uğurlar arzulayır, qardaş Azərbaycan xalqına isə firavanlıq və xoşbəxtlik diləyirəm.

Diqqətinizə görə təşəkkür edirəm.



SON XƏBƏRLƏR

2020-04-03

23:23 Hikmət Babaoğlu: Milli Məclisdə aparılan islahatlar səmərəliliyi daha da artıracaq

23:21 Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

22:52 Respublikanın şəhər və rayonları üzrə koronavirusa yoluxanların sayı açıqlanıb

22:26 Bakı şəhəri üzrə koronavirusa yoluxanların sayı məlum olub

22:18 Maska qıtlığı artan tələbatla bağlıdır - İbrahim Məmmədov

22:13 XİN: Onlayn əsasda Qoşulmama Hərəkatı Modeli Simulyasiya Təlimi təşkil ediləcək

22:03 Tənha şəxslərə xidmət göstərənlərə evdən çıxmaq üçün icazə veriləcək - İbrahim Məmmədov

21:53 İbrahim Məmmədov: İşləmək icazəsi olan şəxslər aptek, bank və dükana gedərkən SMS göndərməyəcəklər

21:45 İtaliyada sutka ərzində koronavirusdan daha 766 nəfər dünyasını dəyişib

21:34 Karantin rejimində taksi fəaliyyəti ilə bağlı müraciət edənlər arasında sui-istifadə halı qeydə alınıb

21:27 Karantin dövründə rəhbər və işçiləri işə cəlb edilən dövlət orqanlarının sayı artırıldı

18:57 “Dünyamızı qoruyaq: Türk Dünyasının adət-ənənələri” onlayn rəsm müsabiqəsi elan olunur

16:55 İlham Zəkiyev: Biz bu virusa qalib gəlmək üçün həmrəy olmalıyıq (VİDEO)

16:50 Azərbaycanda beynəlxalq və daxili yükdaşıma əməliyyatları fasiləsiz aparılır

16:40 Bakı Şəhər Halqası Formula 1 yarışlarının ən yaxşı trasları arasındadır

15:39 Prezident İlham Əliyev: Bakı-Sumqayıt yolu və bütün qovşaqlar iki aya, maksimum üç ay ərzində istifadəyə verilməlidir

13:56 Karantindən çıxan Azərbaycan vətəndaşları yaşayış yerlərinə necə qayıdacaq? - AÇIQLAMA

12:07 Azərbaycanda daha 43 nəfər koronavirusa yoluxdu, 6 nəfər sağaldı - Operativ Qərargah

11:50 Füzulidə 14 ədəd subartezian quyusu qazılacaq - SƏRƏNCAM

11:45 Əli Əhmədov: Hər kəsin vətəndaş mövqeyini və şəxsi məsuliyyətini ortaya qoyması zamanıdır

10:27 QHT-lərin koronavirusla mübarizəyə həsr olunan ümumrespublika onlayn konfransı keçirilib

10:24 Mübariz Qurbanlı: Dövlət siyasətinin əsas məqsədi vətəndaşların təhlükəsizliyi və sağlamlığının təminidir

2020-04-02

10:57 Koronovirusla bağlı xərçəng xəstələrinə onkoloji tövsiyələr

10:13 Saralmış payız yarpaqlarıdır yazdıqlarım

2020-03-18

14:59 Azərbaycan Prezidenti: Hazırda ölkəmizdə koronavirusun yayılması o qədər də geniş vüsət almayıb

13:27 Azərbaycanda sərnişin qatarlarının hərəkəti dayandırılır

12:28 Prezident İlham Əliyev Abşeron dairəvi dəmir yolunun Pirşağı-Görədil-Novxanı-Sumqayıt hissəsinin yenidənqurmadan sonra açılışında iştirak edib

12:07 Mehriban Əliyevadan koronavirusla bağlı xalqa MÜRACİƏT

12:03 Bakı Ali Neft Məktəbinin xaricdə təhsil alan tələbələri Bakıya gətirilib

11:07 Azərbaycanda koronavirusla bağlı əhalini məlumatlandıran sayt istifadəyə verilib

10:59 Mütəxəssisdən TÖVSİYƏ: Bayram vaxtı qonaqlığa getməyin, səfərləri təxirə salın

10:57 Bakıda yol tikintisinə 850 min manat ayrıldı - SƏRƏNCAM

10:55 Koronavirus təhlükəsi azərbaycanlı zəvvarların Həcc ziyarətinə təsir göstərməyib

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

16:55 İlham Zəkiyev: Biz bu virusa qalib gəlmək üçün həmrəy olmalıyıq (VİDEO)

Product image

16:40 Bakı Şəhər Halqası Formula 1 yarışlarının ən yaxşı trasları arasındadır

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb