"KİTABİ-DƏDƏ QORQUD” EPOSUNDAN BAŞLANAN AİLƏ DƏYƏRLƏRİMİZ

Sosial layihə / 10.07.2018 09:37

Azərbaycan xalqının dastanyaratma ənənəsi qədim çağlardan formalaşmağa başlamış və günümüzəcən davam etməkdədir. Bu ənənə qədim Azərbaycan mədəniyyətinin, tarixi-bədii təfəkkürünün ayrılmaz tərkib hissəsi kimi öyrənilməli, araşdırılmalı olduğu üçün xalqımızın o tarixi dönəmlərdəki yaşam tərzinə, məişət-mədəniyyət nümunə­lərinə, intellektual düşüncəsinə, ailə dəyərlər sisteminə və qarşılıqlı münasibətlərə, apardıqları mübarizə və mücadi­lələrə qısa da olsa nəzər yetirməyi məqsədəuyğun sayırıq. Məlumdur ki, o dövrlərdə yaranan qədim oğuznamələrdə əsasən dövlətçilik, qəhrəmanlıq, mübarizə, savaş tarixindən bəhs olunurdu, amma bizim milli sivilizasiya yolumuzun tarixi də eposlarımızda, dastanlarımızda obrazlı formada həkk olunub.

Ümumiyyətlə, dastan, eləcə də xalq ədəbiyyatının di­gər janrlarında saysız-hesabsız dəyərli nümunələr yaratma­ğa meyilli olan xalq təfəkkürünün ilkin, ibtidai ailə dəyərlər sistemi günü bu gün də öz aktuallığını saxlayır və öyrə­nilməsinə, tədqiq edilməsinə böyük ehtiyac var. Neçə-neçə minillikdən bəri şifahi şəkildə yaranaraq yaddaşlarda yaşayan, nəsildən-nəslə ötürülən dastanları, oğuznamələri, eposları xalqımız öz taleyində, həyatında, mübarizə və fəaliyyətində bir tarix olaraq yaşatmaqdadır. O cümlədən də ailə ilə bağlı bilgilərimizdə, şifahi xalq ədəbiyyatı nümunələrində, onun şah əsəri sayılan "Kitabi-Dədə Qor­qud” eposunun ayrı-ayrı boylarında. Daha sonralar bu yaşananlar dastanlara, oğuznamələrə dönüb, xalq ədəbiy­yatı nümunələrinə çevrilmişdir. Odur ki, bunlar bədii təfək­kür məhsulu olmaqla yanaşı, eyni zamanda, milli siviliza­siya – ailə dəyərləri tariximizin araşdırılması, öyrənilməsi işinə yaxından yardımçı ola biləcək zəngin qaynaqlardır.

Ailə dəyərləri ilə bağlı bilgilər, təbii ki, yalnız "Ki­tabi-Dədə Qorqud” eposu ilə bitmir. Müəyyən fərqlənmə­lərlə sonrakı dövrlərdə, xüsusən orta əsrlərdə geniş yayıl­mış qəhrəmanlıq və məhəbbət dastanlarımızda ailə-məişət səhnələrinə daha sıx rast gəlirik. Bütün bunlar bir daha onu göstərir ki, lap qədim çağlardan, neçə-neçə minillərdən üzü bəri yaranan Azərbaycan dastanlarında varislik əlaqəsi heç vaxt tam qırılmamış, bu və digər formalarda ailə ilə bağlı bilgilər daim diqqətdə saxlanılmışdır. Lakin burada bir sıra kəskin fərqlənmələr, istiqamət dəyişmələri müşahidə olu­nur ki, bunlar da dövrün, zamanın tələbləri kimi meydana çıxmışdır. Məsələn, qədim oğuznamələrdə, eləcə də "Kita­bi-Dədə Qorqud”da saf məhəbbət nəticəsində dünyaya gəlmiş, milli ailədə böyümüş övlad gücü-qüvvəsi, rəşadəti, qeyri-adi qoçaqlığı, göstərdiyi qəhrəmanlıqlarla diqqəti cəlb edirsə, məhəbbət dastanlarında onlar fitri istedadları, sevgiləri, sədaqətləri, eşqə düçar olmaları ilə fərqlənirlər.

"Kitabi-Dədə Qorqud” dastanları orta əsrlər tarixini, xüsusən də bütöv Azərbaycan və Şərqi Anadolu ətrafında baş verən hadisələri əks etdirir. Orada mifoloji hekayələr olsa da, əsas hadisələr orta əsrlər oğuz türklərinin baha­­dırlıq ənənələrinə, hərbi demokratiyaya əsaslanan qəbilə və tayfa ittifaqlarının mübarizələrinə, yaşam tərzinə, mifoloji dünyaduyumuna, ictimai-siyasi varlığına, ailə-məişət bil­gilərinə həsr olunub.

"Kitabi-Dədə Qorqud” eposu ən qədim çağlarda Azər­baycan xalqına aid bir çox adət-ənənələri özündə qorumuşdur. Xalqın həyatında mühüm rol oynamış ayrı-ayrı mövsüm və mərasimlər, ailə dəyərləri və toy-düyün məsələləri, ayinlər, habelə etnoqrafik, psixoloji əlamətlərin rəngarəng izləri boylarda poetik-bədii ümumiləşdirmələr yolu ilə əks etdirilmişdir. Lakin digər qəhrəmanlıq dastan­larında olduğu kimi, burada da bir sıra məhəbbət motivləri diqqəti cəlb edir. Boylarda həyatı, şücaətləri, savaşlarda göstərdiyi qeyri-adi qəhrəmanlıqları təsvir olunan, öyülən personajların sevgisindən, sədaqətindən, istəklisinə qovuş­maq yolunda fədakarlıqlarından da yeri gəldikcə bəhs olunur.

"Kitabi-Dədə Qorqud” eposunun ayrı-ayrı boylarında butaalma, eşqə düçar olaraq yalnız butasına qovuşmaq yolunda çaba göstərmək, ilahi eşqin şərbətini yuxuda içərək ayılınca röyada görüb aşiq olduğu sevgilisini, butasını axtarmaq üçün səfərə çıxmaq kimi sufi-islami ənənələrə rast gəlinməsə də, saf, həyati sevgi, sədaqət, etibar, ailə müqəddəsliyi uca tutulur. Boylarda, sonrakı başqa dastan­larımızda olduğu kimi, evlənmək yaşına çatan cəsur igid­lərə buta verilmir. Onlar, sadəcə, ən gözəl, ən nəcib (həm də cəsur!) hesab etdikləri qızla, ona bir könüldən min kö­nülə vurulub aşiq olaraq, evlənmək, ailə qurmaq qərarına gəlirlər. Yalnız bundan sonra qarşıya çıxan maneələri dəf etmək, sədaqət imtahanları, real, həyati sevgi yolunda sınaqlar başlayır.

Eposdakı boylarda qızlar da, eşq dastanlarındakından fərqli olaraq, fiziki cəhətdən zəif deyillər. Onlar da at minir, qılınc çalır, ox atır, ov ovlayır, quş quşlayır, savaşır, gülə­şirlər və s. Təbii ki, bu fiziki aktivlik XX əsr məhəbbət dastanlarında qızların sərbəstliyinə, oğlanı sevib-sevmədi­yini valideynlərinə söyləyə bilmələrinə transformasiya edilmişdir. Diqqəti xüsusi cəlb edən məqamlardan biri budur ki, Dədə Qorqud dastanlarında qızlar onlara qalib gələ bilməyən, özlərindən daha güclü olmayan igidlə könül bağlayıb, ailə qurmazlar. Bu da maldarlıqla məşğul olan azərbaycanlıların ailəiçi münasibətlərindən irəli gəlirdi. Məsələn, "Bayburanın oğlu Bamsı Beyrək boyu”ndan bir səhnəyə diqqət edək:

"...Mən Banıçiçəyin dadısıyam. Gəl indi səninlə ova çıxalım. Əgər sənin atın mənim atımı keçsə, onun atını dəxi keçərsən. Həm səninlə ox atalım, məni keçərsən, onu dəxi keçərsən və həm səninlə güləşəlim, məni basarsan, onu dəxi basarsan, – dedi.

Beyrək ayıtdı:

Yaxşı, indi atlanın” ("Kitabi-Dədə Qorqud” eposu).

Göstərilən nümunədən aydın olduğu kimi, Beyrək Banıçiçəyi görmək istəyir. Qız qarşısında olsa da, özünü tanıtmayıb, oğlanın gücünü-şücaətini sınağa çəkir. Bu da Azərbaycan xarakterinin, xalqımızın düşüncə tərzinin və adət-ənənəsinin təzahürüdür. Tunc dövründən – anaxa­qanlıq öz yerini ataxaqanlığa ötürəndən, obrazlı desək, Ay xan (başçı ana) öz hakimiyyətini Oğuz kağana (oğlana) etibar edəndən bugünəcən ailə başçısı – ər daha güclü, cəsur, ailəni, yurdu, sərvəti qorumağa qadir hesab edilib, qadir olubdur. Əgər o, bu etimada layiq olmasa, sevgilisi onu bəyənməz, taleyini, gələcəyini etibar edə bilməz.

Onu da qeyd edək ki, boylardan göründüyü kimi, bu məhəbbət güclülük, qorxmazlıq, cəsarət, həm də mərdlik, sədaqət, ədalət, xeyirxahlıq anlamı daşıyır. Azərbaycan düşüncə tərzinə görə, qadın nə qədər güclü, cəsur, qoçaq olsa belə, oğlan qızdan, kişi qadından daha üstün olmalı, qətiyyən basılmamalıdır. Əks halda bu, rüsvayçılığa bərabərdir. Əslində, tədqiqatlarda da sübut olunubdur ki, fizioloji cəhətdən də kişi qadından daha güclüdür, cəsa­rətlidir. Tunc dövründə ictimai əmək bölgüsü nəticəsində heyvandarlığın əkinçilikdən ayrılması ilə paralel anaxaqan­lığın öz yerini ataxaqanlığa verməsinin kökündə də kişinin fizioloji baxımdan qadından daha güclü, cəsur, ailəni, yurdu, ocağı qorumağa qadir olması dayanırdı. Oğuzlarda hər hansı kişinin bu etimadı doğrultmayıb qadına basılması qəbuledilməz idi. Odur ki, sınaq meydanında Beyrək də at sürməkdə, ox atmaqda, güləşməkdə üstünlüyünü nümayiş etdirərək, sınaq meydanından üzüağ çıxır.

"Kitabi-Dədə Qorqud” bütövlükdə qəhrəmanlıq das­tanı olduğu üçün boylarda təsvir olunan sevgi macəraları da mahiyyət etibarilə sırf qəhrəmanlığa, gücə, qüvvətə, igid­liyə dayanır. Lakin burada bir cəhəti də diqqətdən kənarda qoymaq olmaz. Bu, beşikkərtmə – göbəkkəsmə məsələ­sidir. Varlı-karlı, sərvəti aşıb-daşan bəy, xan atanın övla­dının olmaması, onun bunu özünə dərd etməsi, Tanrı dərgahına əl açıb dualar qılaraq övlad istəməsi, başqa bir sonsuz atanınsa eyni vaxtda qız övladı üçün dua etməsi, nəzir-niyaz paylamaq, borcluları borcundan azad etmək, acları doyurmaq və s. kimi məsələlər, çox güman ki, sonralar boyları bir sıra islami dəyərlərlə uzlaşdırmaq cəhdləri kimi meydana çıxmışdır.

"Kitabi-Dədə Qorqud” boylarında diqqətçəkən əsas məqamlardan biri də ailədə, cəmiyyətdə qadına münasibət məsələsidir. Sufi-irfani eşq dastanlarından fərqli olaraq, boylarda sevgili kimi (elə ana, bacı kimi də) qız, qadın daim uca tutulur, kişi ilə bərabərhüquqludur, fəaldır, ak­tivdir, sədaqətli və cəsurdur, fədakardır, mərddir. O, sev­gilisi, əri uğrunda canından keçməyə hər an hazırdır. Ən əsası, bir sevgili, yaxud həyat yoldaşı olaraq dastanda qızın, qadının vəfası, sədaqəti, cəsarəti, fədakarlığı gizlində qalıb öz içində boğulmur, göz önündə parlayır, sınaq meydanına atılır. "Kitabi-Dədə Qorqud” boylarında qadının bu cür aktivliyi, əhəmiyyətli mövqeyə malik olması cəmiyyətdə qadının ikinci plana keçirilmədiyindən xəbər verir. Belə ki, həmin çağda anaxaqanlıq öz yerini ataxaqanlığa vermiş olsa da, hələ kişinin hakimiyyəti bərqərarolma prosesi keçirirdi, qadınlar üzərində tam mütləqləşməmişdi. Odur ki, qəbilədə hələ qadınlar kifayət qədər fəal idilər. Yeri gəlmişkən qeyd edək ki, "Kitabi-Dədə Qorqud”da islamla bağlı, əlaqəli nə varsa, hamısı əsərə sonrakı ifaçılar tərə­findən daxil edilmiş əlavələr, artırmalar, uyğunlaşdırma­lardır ki, bunun da müxtəlif səbəbləri var.

Klassik məhəbbət dastanları orta əsrlərin sonlarına doğru tam formalaşma prosesi yaşadığından burada eşq şərabı içən qızlar passivdirlər, oturub ona buta verilən oğlanın gəlməsini gözləyirlər, hətta məsələ ciddiləşəndə, valideynlər qızlarını qədərlə ona bağlanmış oğlana vermək istəmədikdə də etiraz edə bilmirlər.

"Bayburanın oğlu Bamsı Beyrək boyu”nda Banıçi­çəyin öz göbəkkərtmə nişanlısının yolunu 16 il gözləməsi, sevgilisinin uzun ayrılıqdan sonra sağ-salamat gəlib çıx­dığını bilərkən toyunu təxirə salması kimi ibrətamiz səh­nələr də "Dədə Qorqud” boylarında məhəbbət motivlərinin ötəri xarakter daşımadığını, xeyli əhəmiyyətli rol oyna­dığını göstərir.

Lakin sonrakı dövrlərin Azərbaycan məhəbbət das­tanlarında məsələ bir qədər başqa cürdür. "Dədə Qorqud”­dakı məhəbbət motivləri ilə yeni yaranan məhəbbət dastanlarımızı tutuşdursaq, bir sıra oxşar və fərqli cəhətləri aydın görə bilərik. Hər iki şifahi ədəbiyyat nümunəsindəki sevgilər, eşq dastanlarından fərqli olaraq, real, həyati sevgidir. Burada klassik məhəbbət dastanlarımızda olduğu kimi, qızla oğlan bir-birini yuxuda görüb aşiq olmurlar. Onlara ilahi qüvvə tərəfindən buta verilib, eşq şərbəti də içirilmir. Qız və oğlan real həyatda qarşılaşır, bir-birini "göz açıban görür, könül verib sevirlər”. Bəzi hallarda isə oğlan könlü istədiyi, yəni onun tələblərinə uyğun gələ biləcək qızı eldə-obada – İç və Dış Oğuzda tapa bilmir. Onu axtarmaq üçün uzaq, təhlükəli səfərlərə çıxmalı olur. Sınaqlar, imtahanlar, çətinliklər, sevgiyə qovuşmaq yolun­da mübarizələr, əzab-əziyyətlər yalnız bundan sonra başlayır.

Burada real məhəbbət səhnəsinə misal olaraq "Əyyub və Sənəm dastanı”nı göstərə bilərik. Belə ki, dastanda sevgi iki aşiqin bir-birini görüb bəyənməsi və aşiq olması ilə başlayır. İki sevgili arasındakı maneələr Sənəmin anasının oğlanı bəyənməməsi üzündən baş verir. Əyyubun çilələri məhz bundan sonra başlayır. Dastanın faciə ilə bitməsi, yəni Sənəmin ölümü orta əsrlər nakam eşq dastanlarını xatırlatsa da, bütün hadisələr real zəmin üzərində cərəyan etdiyindən burada təsəvvüfi heç bir element yoxdur demək mümkündür. Reallığı əks etdirməsi baxımından "Əyyub və Sənəm dastanı” "Dədə Qorqud kitabı”ndakı real sevginin yeni formasıdır.

Amma burada yenə incə bir məqama diqqət yetirmək gərəkir. Belə ki, "Dədə Qorqud” boylarında təsvir olunan qəhrəman aşiq obrazlarının mübarizələri, şücaətləri, Tanrıya sığınıb güvənmək nəticəsində sınaqlardan sağ-salamat çıxaraq qalib gəlmələri sufi-irfani eşq dastanlarının aşiq qəhrəmanlarına nisbətən nə qədər real, inandırıcı, həyatidirsə, sonrakı məhəbbət dastanı qəhrəmanları ilə müqayisədə bir o qədər romantikdir və fantastik xarakter daşıyır. Misal olaraq yenə "Bayburanın oğlu Bamsı Beyrək boyu”na nəzər salaq. On altı il əsirlikdə qalandan sonra Banıçiçəyin toyu günü Beyrəyin gəlib özünü yetirməsi, məhz həmin ərəfədə, necə deyərlər, sevgilisinin başqasına ərə verilməsindən vaxtında xəbər tutması, lazım olduğu anda düşmən qızının onu əsirlikdən xilas etmək fikrinə düşməsi, ehtiyac duyulan anda yolda ozana rast gəlməsi kimi səhnələr boyları bir qədər həyatilikdən aralayıb mü­cərrədliyə, fantastikliyə sarı meyilləndirir desək, yanılma­rıq. Çünki real həyatda belə "təsadüflər” çox vaxt xoşbəxt­liyə deyil, faciələrə yol açır. Bir əsas cəhəti diqqətdə saxlamaq vacibdir ki, boylarda hər şey – sevgi də, ailə də, sədaqət də ilk növbədə qəhrəmanlığa xidmət edir, oğuz igidlərinin mərdliyini, gücünü, sücaətini daha qabarıq nəzərə çatdırmaq məqsədi daşıyır. Buradakı qəhrəmanın gücü, igidliyi ilə bağlı şişirtmələr əsərin maraqlılığını, təsir gücünü artırmaq üçündür.

Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan məhəbbət dastanlarının bir çoxu bədii-poetik cəhətdən orta əsrlərin klassik eşq dastanları ilə müqayisədə nə qədər zəif, sönük təsir bağışlasa da, bu əsərlərdə "Kitabi-Dədə Qorqud” boylarının izləri qalmaqda, hiss olunmaqdadır. Sevginin həyatiliyi, hadisələrin reallıqla səsləşməsi, vətənə, yurda, xalqa, el-obaya sevgi, xidmət, ictimai-milli məsələlərdə aktivlik, şəxsi deyil, ümumi mənafeyi daha ön planda görmək və s. müasir dastanlarımızı "Dədə Qorqud” boyları ilə uzlaşdırır, bir-birinə bağlayır.

"Kitabi-Dədə Qorqud” boylarında diqqətçəkən əlavə bir neçə məqamı da sonrakı dövr Azərbaycan məhəbbət dastanları ilə müqayisə etməyi məqsədəuyğun bilirik. Qeyd edildiyi kimi, müasir dastanlara, eləcə də klassik eşq dastanlarına nisbətən boylarda qadının mərtəbəsi daha ucadır, o, ictimai və hərbi məsələlərdə daha fəaldır, gözəçarpandır. Həm də burada qıza, qadına məhəbbət təkcə sevgili ünvanı ilə məhdudlaşmır. O, ilk növbədə həyatın başlanğıcı – ana kimi, bacı kimi də, necə deyərlər, bir könüldən min könülə sevilir, əzizlənir, müqəddəs və uca tutulur. Təsadüfi deyil ki, Beyrək əsirlikdən qayıdırkən öncə bir-bir bacıları ilə qarşılaşdırılır, onların dialoqları verilir. Bu səhnələr, bir növ, epizodiklikdən çıxmış, aktuallıq kəsb edən məqamlar kimi təqdim edilir.

Eposun "Dirsə xan oğlu Buğac boyu”nda Dirsə xanın arvadının fəallığını, fədakarlığını, ərinə sədaqətini, ən dəh­şətli günahını belə ağlasığmaz genişürəkliliklə bağışlaya bil­məsini, oğluna sonsuz sevgisini, oğlunun onun bir sözü­nü iki etməməsini misal göstərmək olar. Bu boyda atası tərəfindən oxla kürəyindən vurulmuş oğlunu Qazlıq da­ğında yaralı halda tapan ana onun yarasını, əfsanəvi Xızır İlyasın buyurduğu kimi, dağ çiçəyi və öz südü ilə sağaldır və sonra bir gün Dirsə xanın ətrafındakı 40 "igid”in xəyanətkarlığı nəticəsində dustaq olduğunu bilərkən oğluna üz tutub deyir:

"− Görürsən nələr oldu, ay oğul? Sərt qayalar tərpənmədən yer ayrıldı, eldə yağı (düşmən) yox ikən sənin atanın üstünə gəldilər. Qırx namərd atanı tutdular, əllərini arxasında bağladılar, boynuna sicim saldılar, kafirlər ellərinə apardılar. Oğul, yerindən qalx, qırx igidinlə birlikdə gedin, atanı o qırx namərdin əlindən xilas edin. Gedin, oğul! Atan sənə qıydı, sən atana qıyma!”

Göründüyü kimi, bu ibrətamiz səhnə qadın sevgisinin ən yüksək təntənəsini ifadə eləyir. Həm də Dirsə xanın arvadının boyda olduqca fəal təsvir olunması qədim oğuz­naməni istər klassik, istərsə də müasir məhəbbət dastan­larından xeyli fərqləndirir. Sözügedən boyda yuxuda Xızır İlyasın gəlib xeyirxahlıq missiyasını yerinə yetirməsi, öv­ladsızlıq məsələsi, nəzir-niyazla doğulma səhnələri isə bu cür inancların köklərinin islamdan çox-çox qədimlərə gedib çıxmasından xəbər verir.

Müasir həyatımızda təsadüf olunmayan, ya da çox az rast gəlinən bir sıra digər dəyərləri, inanc və adətləri də göstərmək olar ki, onlar "Kitabi-Dədə Qorqud” boyları, eləcə də klassik eşq dastanları ilə səsləşir. Onların ən önəmlilərindən biri çoxarvadlılıq məsələsidir. İlk baxışdan bizə elə görünə bilər ki, çoxarvadlılıq yalnız islami dəyərlər sisteminə aiddir. Lakin ən uzaq tarixi keçmişlərə diqqətlə səyahət etsək görərik ki, bu adət eyni zamanda əski mə­dəniyyətimizin ayrılmaz tərkib hissəsidir. Digər tərəfdən, tarixən qədim zamanlarda Azərbaycan kişisinin daim at belində səfərlərdə, vuruşlarda, müharibələrdə olması, fizioloji baxımdan yüksək temperamentliliyi, təbiətcə daha çox qadına meyilliliyi milli mənlik şüurunun oyanması zamanında mövcud olan çoxarvadlılıq ənənəsinin sonrakı dövrlərdə də qorunub saxlanmasını labüd emişdir. Yeri gəlmişkən qeyd edək ki, çağdaş zamanımızda belə Azər­bay­can türklərində qadının ərinin başqa qadına olan mü­nasibətlərinə, evlənməsinə normal yanaşma psixologiyası qalmaqda, davam etməkdədir. Maraqlıdır ki, "Kitabi-Dədə Qorqud”da, eləcə də digər orta əsrlərdə yaranan qəhrə­manlıq və eşq dastanlarımızda bu məsələyə belə bir qınağın mövcudluğu hiss olunmur.

"Kitabi-Dədə Qorqud” boylarının bir sıra özünəməx­susluqları ilə yanaşı, bu qədim oğuznamədə tərbiyəvi əhə­miyyətli ailə-əxlaq məsələləri, ibrətamiz səhnələr diqqəti xüsusilə cəlb edir. Məsələn, igid bəy oğlunun evlənmək üçün qız seçməsi, həmin qızda hansı keyfiyyət və baca­rıqları arzulaması, daha doğrusu, bunları bir tələb kimi irəli sürməsi olduqca ibrətamizdir, maraq doğurur və eyni zamanda istər klassik eşq, istərsə də müasir məhəbbət dastanlarından fərqlənir. Ümumiyyətlə, "Dədə Qorqud” boylarında kişidən də, qadından da eyni keyfiyyətlər tələb olunur. Türkün yaşam tərzinə uyğun gəlməyən tənbəllik, çox yatmaq, sübh tezdən durub atlanmamaq, əl-üzünü yumamaq, qonşuları gəzib-dolanmaq, çox danışmaq və bu kimi digər mənfi cəhətlər oğuz igidinin evlənəcəyi qızda qətiyyən olmamalıdır. Qadın ərindən qabaq yuxudan durub əl-üzünü yumalı, çay-çörək hazırlamalı, xırda-para vacib ev işlərini əri yuxudan oyanınca görüb qurtarmalı, atlanmağa hazır olmalıdır. Qoçaqlıqda, cəsurluqda, qılınc çalmaqda, ox atmaqda, at çapmaqda, baş kəsməkdə, savaşmaqda ərinə uyğun gəlməlidir. "Qanlı qoca oğlu Qanturalı boyu”na nə­zər salsaq, bunları aydın görərik. Belə ki, Qanturalı evlə­nəcəyi qızda arzuladığı ən başlıca keyfiyyətləri aşağıdakı kimi sadalayır:

"− Baba, mən yerimdən durmadan ol durmuş ola. Mən qara qoç atıma minmədən ol minmiş ola. Mən qanlı kafir elinə varmadan ol varmış, mənə baş gətirmiş ola”.

Göründüyü kimi, burada gözəllik, incəlik, zəriflik arxa planda dayanır. Qoyulan əsas tələblər qoçaqlıq, çe­viklik, mərdlik, cəsurluqdur. Hətta sevginin özü belə ilkin mərhələdə ön plana çıxmır. Sadəcə, qəti bir əminlik var ki, tələb olunan keyfiyyətləri özündə cəmləşdirmiş istənilən qızın çirkin, xoşa gəlməyən olması mümkün deyil. O, hökmən xarici görünüşcə də gözəl olur və igid onu tapınca şəksiz-şübhəsiz vurulur, sevir, aşiq olur.

Sözügedən boyda igidin qızı axtarıb tapmaq üçün uzaq səfərə çıxması, ellər, ölkələr dolaşması, onu almaq üçün qoyulan şərtləri yerinə yetirib həyatını təhlükəyə ataraq sınaqlardan keçməsi, bir növ, klassik eşq dastan­larının buta almış aşıq qəhrəmanlarının başlarına gələnləri xatırladır.

"Kitabi-Dədə Qorqud” boylarının qəhrəmanları sevgi, daha doğrusu, ən yaxşı qız almaq uğrundakı imtahanlardan, ən çətin sınaqlardan yalnız özləri Tanrının onlara verdiyi cəsarət, igidlik, bacarıq, qoçaqlıq, çeviklik, güc nəticəsində sağ-salamat, alnıaçıq çıxa bilirlər və həmişə də vüsala çatır, arzuladıqları qızı alırlar. Daha burada nakam sevgi yoxdur. Lakin klassik eşq dastanlarının sonluqlarına nəzər salsaq, görərik ki, buradakı hadisələr "Kitabi-Dədə Qorqud” boylarındakı hadisələrdən daha çox real həyatla səsləşir. Sevgidə problem də sırf həyatla səsləşir. Həyatda isə hər şey həmişə arzulanan sonluqla nəticələnmir. Dastanların real həyat detalları ilə daha da zənginləşməsi, buradakı sevgilərin, sevgi sonluqlarının həyatiliyi həm də dövrün, zamanın tələbi kimi meydana çıxır.

Azərbaycanlıların ana kitabı hesab olunan "Kitabi-Dədə Qorqud” boyları özündə tarixin ən dərin qatlarından süzülüb gələn, ailə dəyərlərimizlə bağlı bir çox adət-ənənələrimizi yaşadır. Qədim oğuz türklərinin genetik bazası əsasında formalaşan Azərbaycan xalqı ilk növbədə bu xalq eposunun hərtərəfli öyrənilməsi, daha dərindən dərki nəticəsində tarix səhnəsində öz yerini, rolunu, kimliyini dəqiq müəyyənləşdirə bilər. Bu baxımdan "Dədə Qorqud”un daha da hərtərəfli araşdırılmasına, ciddi tədqiqat obyektinə çevrilməsinə böyük ehtiyac var.

Ümumiyyətlə, "Kitabi-Dədə Qorqud” dastanının yenidən dəyərləndirilməsinə, psixoanalizinin aparılmasına, mahiyyətinin açılmasına, folklor nümunələri arasında, eləcə də xalqımızın həyatında, tarixində yerinin, mövqeyinin müəyyənləşdirilməsinə, ailə dəyərləri sisteminə təsirinin öyrənilməsinə böyük zərurət duyulur.

Bu məqamda vurğulayaq ki, "Kitabi-Dədə Qorqud” eposunun qələmə alınması tarixinin xalq yazıçısı Anarın təşəbbüsü və Heydər Əliyevin razılığı ilə 1300 il bundan əvvəl müəyyənləşdirilməsinin səbəblərindən biri, bəlkə də ən başlıcası bu möhtəşəm xalq ensiklopediyasının məhz bizim milli pasportumuz kimi bəşəriyyətə təqdim edilməsi istəyindən irəli gəlir...

Eposun müxtəlif boylarında təsadüf edilən ailə də­yərlər sisteminin maraqlı tərəfləri, məsələn, qəhrəman­casına elçilik motivləri də əski Azərbaycan yaşam tərzinin, evlilik, ailə mədəniyyətinin bariz nümunəsi olan adətlər­dəndir. "Qəhrəmancasına elçilik” ifadəsinin tərkibindəki "qəhrəman” sözü burada yalnız qoçaqlıq, igidlik və mərd­liyi, cəsurluğu deyil, eyni zamanda ağsaqqallıq, müdriklik, sadiqlik, xeyirxahlıq anlamlarını ifadə edir. Misal üçün, "Bayburanın oğlu Bamsı Beyrək” boyunda el ağsaqqalı, elin bilicisi olan Dədə Qorqudun Dəli Qarcarın yanına onun bacısı Banuçiçəyi Beyrək üçün istəməyə tərəddüdsüz yollanması bir tərəfdən ulu ozanın öz müdrikliyinə, inanclarına güvənməsi ilə bağlıdırsa, həm də Qorqud Atanın xeyirxahlıq missiyası kimi dəyərləndirilməlidir. O, həyatını təhlükəyə ataraq özündə cəsarət tapır ki, elçiliyə getsin. Bu da ozanın, Qorqud Atanın igidlikdə heç də oğuz bəylərindən, igidlərindən geri qalmadığını göstərir.

"Qanlı Qoca oğlu Qanturalı” boyunda isə məsələ xeyli fərqlidir. Burada sevən (daha doğrusu, özünə uyğun qız almaq istəyən) igid öz elçiliyinə özü yollanır. Bu, daha təhlükəli bir səfərdir. Qızı almaq istəyənlər üçün ata – Trabzon təkuru elə şərtlər qoyub ki, bu şərtləri yerinə yetirməkdən heç bir igid sağ-salamat xilas ola bilmir. Qanturalı bunu bilə-bilə özündə cəsarət tapıb Selcan xatun uğrunda həyatını təhlükəyə atır. Lakin Oğuz igidi burada da təkcə öz fiziki gücünə, qoçaqlığına deyil, eyni zamanda meydanda quduz aslanla, buğa ilə, qara nərlə təkbətək, silahsız-filansız vuruşarkən yanında apardığı qırx igidin dostluğuna, sevgilisinin sədaqətinə, ağsaqqalların dualarına arxalanır. Qanturalıya sarı donlu Selcan xatunun eşqinə müqəddəs qopuzunun sədaları altında elə bir güc gəlir ki, o, buğanı və quduz aslanı asanlıqla məhv eləyə bilir. Növbə qara buğraya çatanda igid artıq xeyli yorulmuşdu. Dəvənin qoltuğundan girir və başı hərlənib yıxılır. Onu görəndən bəri igidə bir könüldən min könülə vurulub aşiq olan Selcan xatun çox narahatlıq keçirir. Beləliklə, Qanturalı qızın dediyi kimi etməyi şəninə sığışdırmayıb, başqa üsulla dəvəni də məğlub edir. Sarı donlu Selcan xatunu alıb geri dönür.

"Kitabi-Dədə Qorqud” boylarındakı qəhrəmancasına elçilik motivləri, ailə-əxlaq prinsipləri əski dünyadu­yumuna əsaslansa da, onun müəyyən əlamətləri islam zamanının klassik eşq dastanlarında hiss olunmaqdadır. Əvvəlcə qeyd edək ki, klassik eşq dastanlarında rast gəldiyimiz qəhrəmancasına elçilik məsələlərində vəziyyət tamamilə fərqlidir. Məlum olduğu kimi, aşiqə yuxuda buta verilir. Qız da buta alır. Oğlan sazını götürüb yuxuda ona buta verilən qızın sorağıyla uzaq səfərlərə çıxır və s. Bir sözlə, o – aşıq qəhrəman – Haqq aşığı, əslində, elçilik etmir. Gedib qızı tapır və deyir: ölsəm də, qalsam da, bu qız mənimdir. Qız da onu sevir. Aşiqin burada silahı, yarağı yalnız aşıqlığıdır. Dədə Qorqud boylarında olduğu kimi, eşq dastanı qəhrəmanı fövqəltəbii "ağa”sına güvənib, özünü bütün təhlükələrə gözüyumulu atır. Burada dünyəvi sevgidən söhbət gedir. Sadəcə, dövrün, zamanın qayda-qanunları dəyişib, sevgi azaddır. Müasir dastanın aşiq qəhrəmanı sevdiyi qızın valideynlərinə qızlarını sevdiyini açıq-aşkar deyə, etiraf edə bilir. Artıq, bir növ, bu, normal haldır və o qədər də ciddi qəzəblə qarşılanmır. Burada qarşıya çıxa biləcək başlıca problem qızın aşiqi bəyən­məməsi ola bilər ki, buna da çox az halda təsadüf edilir. Fəqət qızlarını sevən (həm də əksinə, qızın sevdiyi) oğlanı valideynlərin bəyənməməsi, qızı öz seçdikləri, nəzərdə tutduqları başqa bir oğlana vermək niyyətləri günümüzdə yaranan məhəbbət dastanlarında, bədii əsərlərdə, əsasən, aparıcı mövqe tutur. Yeni dastanlardakı aşiq obrazlarının qəhrəmancasına elçiliyi isə sevdikləri qızın valideynləri ilə şəxsən görüşüb, onları amansız fikirlərindən çəkindirməyə cəhd etmələrindən, özlərinin daha üstün əlamət, istedad, bacarıq və keyfiyyətlərə malik olduqlarını nümayiş etdir­məkdən ibarətdir.

Dastanlarda əks olunan hadisələrdən də göründüyü kimi, bir sıra oxşar xüsusiyyətlərlə yanaşı, "Dədə Qorqud” boyları ilə sonrakı dastanlardakı xüsusən ailə-əxlaq, ev­lənmə, elçilik, sevgiyə münasibət məsələləri çağdaş döv­rümüzdə öz aktuallığını saxlamaqdadır və ailə dəyərlər sistemində xüsusi yer tutur.

Cəmilə Çiçək İsbəndiyarova,

AYB və AJB-nın üzvü,

filologiya üzrə fəlsəfə doktoru,

Prezident təqaüdçüsü



SON XƏBƏRLƏR

2019-11-15

19:43 Prezident İlham Əliyev: Xalq Cəbhəsində Azərbaycan cəmiyyətinin ən tör-töküntü təbəqəsi toplaşmışdı

17:12 Şamaxıda baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına 3 milyon manat ayrılıb

17:09 Ağsuda baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına 3 milyon manat ayrılıb

17:06 Prezident İlham Əliyev Sultan Dadaşovu ordenlə təltif edib

16:52 BQXK Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkib

16:18 Prezident İlham Əliyev Qüds Sefardi ortodoks baş ravvinini qəbul edib (FOTO) (YENİLƏNİB)

16:16 Prezident İlham Əliyev KAICIID Beynəlxalq Mərkəzinin Baş katibini qəbul edib (FOTO) (YENİLƏNİB)

16:01 Siyavuş Novruzov: Azərbaycan dini konfessiyalar arasında əlaqələrin qurulması ilə sülhə nail olmağın nümunəsini təqdim edir

15:29 Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun abidəsinin açılış mərasimi oldu

15:20 Azərbaycan və Gürcüstan dəmir yolları sahəsində əməkdaşlıqla bağlı protokol imzalayıb (FOTO)

15:19 BDU-nun bütün əməkdaşlarına 100 illik yubiley münasibətilə mükafat veriləcək (FOTO)

15:18 Prezident İlham Əliyev Rusiyanın Şimali Qafqaz respublikalarından olan bir qrup müsəlman din xadimindən ibarət nümayəndə heyətini qəbul edib (FOTO) (YENİLƏNİB)

15:13 Vüqar Rəhimzadə: Azərbaycan unikal qlobal dialoq və əməkdaşlıq məkanına çevrilib

15:08 APA 15 yaşında

14:57 Şuranın dəstəyi ilə hazırlanan “Ermənistanın işğalçı siyasətinin ifşası (məqalələr toplusu)” kitabının təqdimatı keçirilib

14:36 Binaların 30 faizi istiliklə təmin olunub, bəs digəriləri nə vaxt isinəcək? - "Azəristiliktəchizat"dən CAVAB

13:30 Dünya dini liderlərinin II Sammitinin Bakı Bəyannaməsi qəbul edilib

12:16 Şuranın dəstəyi ilə “Mənim şəhidim” adlı tamaşası səhnələşdirib

11:32 Şuranın dəstəyi ilə “Aprel Şəhidlərini tanıdaq" adlı layihənin sonuncu tədbiri keçirilib

2019-11-14

19:44 Nigar Arpadarai: Azərbaycan Qran Prisinə maraq daha da artıb

18:00 İlham Əliyev və Mehriban Əliyeva Dünya dini liderlərinin II Bakı Sammitində - YENİLƏNİB

16:36 Azərbaycanda ilk dəfə DOTNET Developerlər Konfransı keçiriləcək

15:33 Əli Hüseynli: Azərbaycan Prezidenti İlham Əliyevin məhkəmə-hüquq sahəsindəki islahatları yeni mərhələyə qədəm qoyub

15:26 Şuranın dəstəyilə “Xarı Bülbül” gənclərin 2-ci yaradıcılıq festivalı keçirilib

15:19 İlham Əliyev: Dünyada dini dəyərlərə qarşı bir kampaniya aparılır

15:08 Milli Məclisin və onun Aparatının 2020-ci il üçün xərclər smetası açıqlanıb

14:52 Rusiyada üz tanıyan bankomatlar quraşdırılacaq

14:00 Mikayıl Cabbarov: Vergi ödəyicilərinin sayında 10,1 faiz artım qeydə alınıb

13:57 Sahil Babayev Kürdəmir, müavinləri Ucar və Zərdab rayonlarında vətəndaşlarla görüşəcəklər

13:51 Vergi Məcəlləsinə dəyişikliklər birinci oxunuşda qəbul edildi

13:36 Radikal müxalifətin Avropadakı mühacir biznesi də çökdü

13:18 Təhsil Nazirliyi: Şikayət əsasında 7 məsul şəxsə töhmət verilib

12:47 Prezident: Qarabağ həmişə Azərbaycanın bir hissəsi olub

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

19:44 Nigar Arpadarai: Azərbaycan Qran Prisinə maraq daha da artıb

Product image

11:52 Azərbaycanlı hakimə UEFA-dan təyinat

Maraqlı Product image

11:47 İnsanlığın məhvinə səbəb olacaq 10 fəlakət ssenarisi

Product image

11:25 Paytaxtda yenidoğulanlara ən çox qoyulan oğlan və qız adları