AZƏRBAYCAN AİLƏ MODELİNİN FOLKLOR QAYNAQLARI

Sosial layihə / 30.07.2019 17:31

Azərbaycan folkloru milli ailə modelinin araşdırılması üçün zəngin mənbələrdən biridir. Əslində, şifahi xalq ədəbiyyatı nümunələrinin xeyli hissəsini ailə folkloru adlandırmaq olar. Beşik nəğmələri olan laylalardan tutmuş yas nəğmələri olan ağılara qədər bütün folklor nümunələri ailə və məişətlə bağlıdır. Bu folklor nümunələrindən ailə və onun problemləri, həmçinin məişət qayğıları qırmızı bir xətlə keçir. Layla da, nazlama da, ağı da mental dəyərlərdən güc alır:

İgid qalasın istər,

Dağın lalasın istər.

Mən balamı istərəm,

Balam balasın istər (5, 16).

Mövsüm və mərasim nəğmələri, əsasən, təsərrüfat həyatı ilə bağlı olsa da, burada qoyulan məsələlərin çoxu Azərbaycan ailəsinin gününü-güzəranını əks etdirir. Məişət mərasimlərində oxunan nəğmələrdə (vəsfi-hal, ağı, alqış, dua və sair) ailə qayğıları geniş yer alır:

Araz aşanda ağlar,

Kür qovuşanda ağlar.

Analar balasından

Ayrı düşəndə ağlar (5, 118).

Alqışlarda və dualarda ailə qayğıları "ev-eşik yiyələrinin", "ocaq sahiblərinin" problemləri kimi verilir. Dualara baxaq:

Evin abad olsun.

Ev-eşik sahibi olasan.

Ev tikib, ocaq salasan (5, 25).

Bu tipli folklor nümunələri milli ailə modelinin əxlaq normaları çərçivəsində formalaşmasına gətirib çıxarır. Azərbaycan ailəsi üçün ağsaqqal sözü (oxu: məsləhəti) əsasdır. Ağsaqqal sözü isə folklorun bir janrı olan ata sözlərinin qaynağıdır. Ailə məsələləri ata sözlərində daha ibrətamiz şəkildə üzə çıxır:

Kişisi olmayan evin ruzisi olmaz.

Ər ilə arvadın torpağı bir yerdən götürülüb.

Ata olarsan, ata qədrini bilərsən.

Ana qızına taxt verər, ata qızına baxt! (5, 156)

Ailədə övladların böyüyün və kiçiyin yerini bilməsi də əsas şərtdir:

Böyüksüz evdə xeyir-bərəkət olmaz.

Yol böyüyündür, su kiçiyin.

Qocadan demək, cavandan eşitmək (5, 157).

Azərbaycan bayatılarında isə təkcə ailə modeli deyil, bu modeli formalaşdıran cəhətlər (eşq-məhəbbət, vəfa-sədaqət, ayrılıq-hicran və sair məsələlər) də əsas götürülür. Ailənin özülündə məhəbbət dayanır.

Eşq-məhəbbət:

Sürünü sürün dağa,

Duman, gəl, bürün dağa.

Leylisi itmiş Məcnun

Salıbdır bir ün dağa (5, 144).

Vəfa-sədaqət:

Güləm, gülü neylərəm,

Gülə qulluq eylərəm.

Mənə öz gülüm gərək,

Başqa gülü neylərəm (5, 147).

Ayrılıq-hicran:

Dağların başı ilə,

Dibinin daşı ilə.

Yara bir namə yazdım

Gözümün yaşı ilə (5, 149).

Azərbaycan bayatıları içərisində namus, qeyrət, ar məsələləri milli ailə keyfiyyətləri kimi təsvir olunur:

Əziziyəm ay batdı,

Ulduz batdı, ay batdı.

Yarım bivəfa çıxdı,

Məni əğyara satdı (4, 26).

Əziziyəm yaxşı sin,

Ovçu, yerə yaxşı sin.

Mərd igiddə qaydadı:

Sevər yarın yaxşısın (4, 28).

Folklor nümunələrində ailə modeli ilə bağlı neqativ hallara qarşı etirazlar da öz əksini tapır:

Əzizim ay naşıdı,

Dağlarda oy naşıdı.

Görüşürük xəlvətdə,

Deyirlər, oynaşıdı (4, 26).

Neqativ hallar digər folklor nümunələrində də qabardılır. Belə nümunələr daha çox ailə tərbiyəsi ilə bağlı olur. Məsələn, miflərdən birində deyilir ki, Ay bir oğlan uşağı imiş, dəcəllik edir, anası onu xəmirli əli ilə vurur, üzündə ləkə qalır (5, 217). Müdrik fikirlər dastan və nağıllarımızda da yer alıb. "Oğuznamə"də, "Kitabi-Dədə Qorqud" dastanındakı müdrik fikirlər, əslində, ata sözləridir. Nümunələrə baxaq.

"Kitabi-Dədə Qorqud" dastanında:

Ata adını yürütməyən xoryad oğul ata belindən enincə enməsə yey (1, 251).

"Oğuznamə"də: Oynaşına inanan övrət ərsiz qalar.

Səni bir sevməyəni sən iki sevmə.

Ulu gözilə qız al, ərgən gözilə at al.

Ulular sözin tutmayan ulayu qalar (1, 255).

"Əmsali-Türkanə"dən:

El ilə duran yıxılmaz (1, 257).

Qaravaşdan doğan xatun olmaz (1, 258).

Folklor nümunələrində ailənin dağılması problemlərinə də geniş yer verilir. Bu məsələ bəzən əyləncəli xarakterdə, bəzən də ciddi şəkildə qoyulur. "Mollanın arvadı" qaravəllisində molla öz arvadının kəbinini Salmana kəsir və özünü pis vəziyyətdə qoyur (6, 44-46). Bəzi folklor nümunələri isə yanlış və sonradanquraşdırma təsiri bağışlayır. "Qız qalası" rəvayətində guya atanın öz qızına aşiq olmasından söhbət açılır (5, 322-323). Halbuki Azərbaycandakı Qız qalaları kosmik tədqiqat mərkəzləri olmuşdur. Məsələn, Yardımlı rayonunun Alar kəndindəki Qız qalasının quruluşu, yerləşmə məqamı (yüksəklik və sair) onun istehkam deyil, göy cisimlərini öyrənən mərkəz olduğunu göstərir.

Azərbaycan aşıq ədəbiyyatında və dastan yaradıcılığında sevgi, ailə, məişət mövzuları aparıcı mövqedədir. Aşıq şeirinin əsasında yarın vəfasızlığı və əğyara uyma ideyası klassik ədəbiyyatdan gəlir. Aşıq şeiri isə, əsasən, tərənnüm üzərində qurulur və bəzən şikayət motivlərinə yer verilir. Məsələn, XV-XVI yüzilliklərdə yaşamış Miskin Abdalda yardan şikayət motivi belə verilmişdir:

Dodaqları gül qönçəsi,

Yanaqları lala yarım.

Kölgən gələndə gün qaçar,

Sən bəlasan, bəla, yarım.

Tanrı səni var edibdi,

Aşiqini xar edibdi.

Fələkləri kar edibdi

Çəkdiyim ah-nala, yarım (2, 24).

XIX yüzillikdə isə aşıq şeirində gözəllərin və gözəlliyin tərənnümü əsasdır. Bu da maarifçilik ideyalarının təsirindəndir.

Aşıq Ələsgərdə:

Sinəmdi eşqin dəftəri,

Sənsən dilimin əzbəri.

Yazıq Aşıq Ələsgəri

Çəkməyə dara xoş gəldin! (3, 4)

Molla Cumada:

Cumanın şahı, sərdarı,

Elə, günə havadarı,

Bir qədəm bas bizə barı,

Bərəkət var ayağında (3, 83).

Şirvanlı Aşıq Bilalda:

Yar başına dolanmazdım,

Eşq oduna qalanmazdım.

Əğyar olsaydı yanmazdım,

Özü öldürdü-öldürdü (3, 125).

Ailə-məişət münasibətləri təkcə məhəbbət dastanlarında deyil, qəhrəmanlıq dastanlarında da yer almışdır. Qəhrəmanlıq dastanlarındakı sevgi, məhəbbət səhnələri daha ibrətamiz və örnəkvericidir. Koroğlunu Nigarsız, Qaçaq Nəbini Həcərsiz təsəvvür etmək olmur. Lakin ailə və sevgi daha çox məhəbbət dastanlarında problematik şəkildə qoyulur və zamanın, dövrün adət-ənənələri, qanunları səviyyəsində yozulur. "Tahir və Zöhrə" kosmoqonikdir (yəni idealdır), "Əsli və Kərəm" isə patriarxaldır (yəni realdır). Bu ənənə çağdaş dastanyaratma prinsiplərində də gözlənilir.

Maraqlıdır ki, Azərbaycan nağıllarında və dastanlarında böyük ailə modelinə az rast gəlirik. Adətən, ailənin varisi tək oğuldan, qardaş və bacıdan, yaxud da iki qardaşdan ibarət olur. Çoxuşaqlı ailə folklor nümunələri üçün aparıcı model deyil. Kiçik ailə modelinin digər şərti də ata-ananın övladlarından ayrı yaşamasıdır. Adətən, tək oğul belə ailədən uzaqda yaşayır və işləyir. Bəzi hallarda isə ailə qurmaq üçün uzaq səfərlərə çıxır.

Nəticə olaraq deyək ki, Azərbaycan ailə modelinin folklor qaynaqları ətraflı şəkildə araşdırılmalıdır. Gətirilən nümunələr bu mövzunun ciddiliyini ortaya qoyur.

QAYNAQLAR

1. Atalar sözü. Tərtib və ön sözün müəllifi Cəlal Bəydili (Məmmədov). Bakı, Öndər, 2004, 264 s.

2. Azərbaycan aşıq şeirindən seçmələr. İki cilddə, I cild. Bakı, Şərq-Qərb, 2005, 376 s.

3. Azərbaycan aşıq ədəbiyyatından seçmələr. İki cilddə, II cild. Bakı, Şərq-Qərb, 2005, 424 s.

4. Azərbaycan bayatıları. Tərtib edənlər B.Abdulla, Q.Babazadə və E.Məmmədli. Bakı, Yeni nəşrlər evi, 2004, 304 s.

5. Azərbaycan folkloru. Tərtib edəni və ön sözün müəllifi B.Abdulla. Bakı, Şərq-Qərb, 2005, 360 s.

6. Azərbaycan xalq ədəbiyyatından seçmələr. Qaravəllilər, oyunlar və xalq tamaşaları. Bakı, Şərq-Qərb, 2005, 312 s.

Bilal HÜSEYNOV

ADPU Cəlilabad filialının müəllimi,

filologiya üzrə fəlsəfə doktoru




SON XƏBƏRLƏR

2021-09-16

18:00 Ərdoğan: “Azərbaycan və İranla birlikdə UNESCO-ya müraciət etdik”

17:42 Ceyhun Bayramov Fransanın nümayəndə heyəti ilə görüşüb

16:59 Mədəniyyət Nazirliyi teatr və kinoteatrların açılması üçün Operativ Qərargaha müraciət edib

16:42 Ermənistanın təhlükəsizlik xidməti Gorus-Qafan yolunu İran yük maşınları üçün bağlayıb

16:20 Rəfael Cəbrayılovun məhkəməsi təxirə salındı - SƏBƏB

15:59 “TurAz Şahini – 2021” təlimlərinin bağlanış mərasimi keçirilib

15:57 Məhkəmə Ramiz Göyüşovdan rüşvət alan jurnalisti ev dustaqlığına buraxmayıb

15:52 Prezident İlham Əliyev minatəmizləmə fəaliyyətinin əlaqələndirilməsi ilə bağlı Fərman imzalayıb

15:36 Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

15:35 Azərbaycanda 1783 nəfər COVID-19-a yoluxub, 32 nəfər ölüb

14:51 Prezident İlham Əliyev Eldar Məmmədəliyevi fəxri diplomla təltif edib

14:25 Azərbaycanla Serbiya arasında sosial müdafiə sahəsində sənəd təsdiqlənib

14:06 Azərbaycanda "mü" ştammına yoluxma qeydə alınıb? - ÜST-dən cavab

13:58 Vaksinasiya nə qədər çox olsa, o qədər müsbət nəticə əldə edərik - Hande Harmancı

13:57 Mətbuat Şurasında birgə tvininq layihə üzrə beynəlxalq eksperlərlə görüş keçirilib

13:41 Hikmət Hacıyevlə İran səfiri arasında bu həftə ikinci görüş olub

13:26 Anar Yusub: “Avropanın bir çox şəhərlərində konsertlərim düşünülüb” - MÜSAHİBƏ

13:15 Xankəndiyə qanunsuz səfər edən Fransa rəsmilərinə Azərbaycana giriş qadağan ediləcək - XİN

11:15 Məktəblərdə dərslərin hansı qaydada təşkil ediləcəyi açıqlanıb

10:07 Koronavirusdan sağalanlar bu problemlərlə üzləşir - Baş infeksionistdən açıqlama

2021-09-15

18:00 İctimai nəzarət dayanıqlı inkişafın təminatında vacib amillərdən biridir - Vüqar Rəhimzadə

17:53 Qurban Qurbanov: “Yorğunluğu əsas gətirə bilmərik”

17:49 Azərbaycan polisi Xankəndiyə qanunsuz yük daşıyan iranlı sürücüləri saxladı

17:42 Daha 11 ictimai iaşə müəssisəsində pozuntu aşkarlanıb - SİYAHI

17:24 Dünya çempionu Bakıda heroinlə həbs edildi

17:23 Ərdoğan Bakının işğaldan azad edilməsinin ildönümü ilə bağlı təbrik mesajı yayıb

17:18 Hava şəraiti kəskin dəyişir - XƏBƏRDARLIQ

16:34 Prezident İlham Əliyev Meksika Birləşmiş Ştatlarının Prezidentini təbrik edib

15:51 Azərbaycan və Türkiyə xüsusi təyinatlılarının təliminə dair Memorandum Milli Məclisin müzakirəsinə tövsiyə edilib

15:39 Türkiyə Milli Müdafiə Nazirliyi Bakının işğaldan azad edilməsi ilə bağlı təbrik ünvanlayıb

15:25 Birinci vitse-prezident Mehriban Əliyeva Bilik Günü münasibətilə məktəbliləri və tələbələri təbrik edib

15:24 Azərbaycanın Aİ yanında Nümayəndəliyinin yeni rəhbəri təyin edilib - SƏRƏNCAM

14:07 Prezident İlham Əliyev Xəzər rayonunda yarımstansiyanın açılışında iştirak edib

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

Roza Zərgərli əməliyyat olunacaq

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

17:53 Qurban Qurbanov: “Yorğunluğu əsas gətirə bilmərik”

Product image

10:03 İdmanda növbəti nailiyyətləri əldə edə bilərik - Fərid Qayıbov

Maraqlı Product image

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları

Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb